Narahat idim. Hələ "Qarabağ" ilk dəfə çıxış etdiyi UEFA-nın yeni turniri Konfrans Liqasının qrup mərhələsin son turunun matçı çərçivəsində İsveçrəyə yollanmamışdan əvvəl belə idim, içimdə bir sıxıntı vardı. Hiss edirdim ki, "Qarabağ" yenə avrokuboklarda hakim xətasının, daha doğrusu, qərəzinin qurbanı olacaq. Bununla bağlı sualımı baş məşqçisi Qurban Qurbanova Premyer Liqanın son turunda "Sabah"a "Azərsun Arena"da 5:1 hesabıyla qalib gəldikləri matçdan sonra ünvanlamağı vacib saydım.
Zaman göstərdi ki, narahatlığım əbəs yerə deyildi. Görünür, Balıqlar bürcündən olduğumdan, hissiyyatım güclüdü və artıq neçənci dəfədi məni aldatmır. "Qarabağ" bu dəfə də hakim səhvinin, daha doğrusu, qərəzinin acısını çəkdi. Axı, buna başqa nə ad verəsən...Bu qədər kor olmalısan ki, az qala 2 metr qapı xəttini keçən topu görüb qolu qeydə almayasan?! Yaxşı, baş hakim görmədi-görmədi, qapıya paralel duraraq epizodu çox yaxşı görən, görməli olan yan xətt hakimi də görmədi? Mümkün deyil, sadəcə, görmək istəmədilər. Çünki ədaləti qorumalı olan ədalət təmsilçiləri ədalətsiz davranaraq, Avropada daha tanınmış klub sayılan "Bazel"in 1-ci teri tutmasında maraqlı idilər. Hər halda, qrupun favoriti sayılan bu komandaya hakim simpatiyasının olduğunu, rəqiblərin əleyhinə olan müəmmalı qərarları qrup mərhələsinin gedişində bir neçə dəfə gördük. Gəlin yada salaq:
- "Omoniya” – “Bazel” oyununun ikinci hissənin əvvəlində qonaqların müdafiəçisi cərimə meydançasında meydan sahiblərinin hücümçusunu kobudluqla saxlasa da, baş hakim davam işarəsi verdi. Və bundan cəmi cəmi 40 saniyə sonra “Bazel” bərabərlik qolunu vurdu və matç 1:1 hesabıyla nəticələndi.
- "Bazel"in Almatı səfərində də ikinci hissədə nəticəyə təsir edən səhv oldu. Özü də ikisi birdən. Əvvəl hesab 2:2 olarkən, İsveçrə təmsilçisinin yarımmüdafiəçisi Paytim Kasami “Kayrat”ın hücumçusuna qarşı cərimə meydançasında kobud oynayaraq aşkar penaltiyə səbəbkar oldu. Ancaq hakimin fiti susdu. Üstəlik, bu, sarı vərəqə ilə də cəzalandırılmalı idi ki, bu da Kasaminin meydandan qovulması demək idi. Çünki onun passivində artıq "sarı" vardı. Bundan cəmi 3 dəqiqə sonra “Bazel” qələbə topunu vurdu, qolun müəllifi isə məhz Kasami oldu. Yeri gəlmişkən, "Bazel"in "7 nömrə"si "Qarabağ"ın da qapısına yol tapdı.
- "Bazel" 3-cü qolu vurduqdan cəmi 1 dəqiqə sonra yenə “Kayrat”ın hücümuçusuna qarşı cərimə meydançasında kobudluq olsa da, yenə qayda pozuntusu qeydə alınmadı. Bu epizod hətta "Kayrat"ın səbrli baş məşqçisi Kurban Berdiyevi də özündən çıxardı.
Unutmayaq ki, özümüz də bunadək hakim səhvini görmüşdük. Axı, “Omoniya” ilə Tofiq Bəhramov adına Respublika stadionunda 2:2 hesabıyla nəticələnən görüşdə “Qarabağ”ın əleyhinə olan qərarlar da kifayət qədər idi. Təmsilçimiz təmiz qol vurdu, amma danimarkalı baş hakim Morten Krox və yan xətdəki köməkçisi bunu qeydə almayaraq müəmmalı ofsaydı səbəb gətirdi. “Omoniya”nın müdafiəçisi cərimə meydançasında əllə oynadıqda da hakim görməməzlikdən gəldi. Hələ hesab açılmayarkən “Omoniya”nın futbolçusu Mixal Durişin Abbas Hüseynova qarşı hərəkətinə - sambo fəndinə görə yalnız sarı vərəqə ilə kifayətlənməsini demirik.
Bütün bunları nəzərə alsaq, “Qarabağ”ı Bazeldə nələrin gözlədiyini təsəvvür etmək çətin deyildi. Buna görə də Qurban Qurbanovun komandası 1/8 finala vəsiqə verən qrupda 1-ci pilləni tutmaq üçün həm də hakimlərlə mübarizə aparmalı idi. Görünən bu idi ki, referilər yenə Ağdam klubuna mane olacaq, qrup lideri olub, birbaşa 1/8 finala yüksəlməməsi üçün mümkün olan hər şeyi edəcəkdi. Bu dəfə həmin "şərəfli" missiyanı xorvatiyalı baş hakim Fran Yoviç komandası ilə birgə yerinə yetirdi. Maraqlıdı ki. 4-cü hakim qadın idi və "Qarabağ"ın titullu baş məşqçisi haqlı narazılığını ona bildirməli oldu. Ancaq çi fayda...
Nə qədər acı reallıq olsa da, artıq öyrəncəli öyrəşmişik Avropada hakimlərin bizə qarşı bu biabırçı qərarlarına. "Qarabağ"ın qrup mərhələsində debütündə Milan "İnter"inə "Tofiq Bəhramov"da təmiz qol vurduğu halda, çexiyalı Miroslav Zelinka bunu gülməli ofsayd səbəbiylə hesaba almadı və bununla qələbəmizi, pley-offa vəsiqəni əlimizdən aldı. Nəticədə "Dnepr" 2-ci yerlə qrupumuzdan çıxdı, sonda turnirin də finalçısl oldu.
İndisə bizi belə təhlükə gözləmirdi. Axı, ağdamlılar minimum vəzifənin öhdəsindən çoxdan gələrək, Azərbaycanı ilk dəfə avrokubokların yaz mərhələsi çıxarmışdı. Bu üzdən 7 ill əvvəl haqsızlıq zamanı yaşadığımız məyusluq təkrarlanmadı. Sadəcə, indiki səhv, indiki qərəz bizə 1-ci yerə tutmaq bahasına başa gəldi. Əsas fakt budu ki, Qurban Qurbanovun komandası qrup mərhələsində ardıcıl 8-ci mövsümdə ən yaxşı çıxışını göstərdi, ən çox xalını (11) topladı, ən uzun məğlubiyyət seriyasına (qrupda 5, ümumilikdə 11) malik oldu.
Bəli, hakimlər "öz işində" olsun, "Qarabağ" da öz işində. Azərbaycanın cənnət məkanının adını daşıyan futbol klubuna qarşı nə qədər qərəzli olsanız da, bu, onu "sındırmayacaq", Qurban müəllimin təbirincə desək, futboldan iyrəndirməyəcək. Əksinə, bütün bunlar "Qarabağ"ı daha da möhkəmlədir, ildən-ilə daha yaxşı çıxışını görürük. Siz hakimlər isə özünüzü zərbə altına atırsınız və sizə məsləhətimiz budu - şərəfsiz missiyanızdan əl çəkin ki, "Qarabağ" şərəfli missiyasını daha uzun müddət davam etdirsin.
MEHMAN SÜLEYMANOV