2018-ci ilin son saatlarını yaşayırıq. “İt ili” Azərbaycan idmanında hansı izi buraxdı? İdmançılarımız, məmurlar, ölkəmiz hansı əlamətdar idman hadisələrində episentrin mərkəzində oldular? Sport24.az 18-ci ilin 18 ən yaddaqalan hadisəsini sizlərlə bölüşür.
Bir ildə həm Avropa, həm də dünya çempionu
Bu il Azərbaycan güləşində Eldəniz Əzizli erası oldu. Belə ki, 26 yaşlı pəhvəlanımız 2008-də həm dünya, həm də Avropa çempionluğunu qazandı. Azərbaycanın yunan-Roma güləşçisi ilk olaraq mayda Rusiyanın Kaspiysk şəhərində keçirilən Avropa çempionatında gücünü göstərdi. Yarışda 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Əzizli çempionatın finalında estoniyalı Helari Maeqissalunu 8:0 hesabı ilə məğlub edərək Avropa çempionu oldu. Bununla da o, yarışda Azərbaycan millisinə ilk qızıl medalı qazandırdı. Eldəniz ardıcıl 2-ci il Avropa çempionu olmasıyla diqqət çəkdi.
Əzizli oktyabrda Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatında yunan-Roma güləşçilərinin mübarizəsində həlledici görüş də daxil olmaqla bütün rəqiblərini vaxtından əvvəl məğlub edərək qızıl medal qazandı. Bu, Eldənizin karyerasında ilk dünya çempionluğu oldu. Güləşdə ilk adıdmlarını sərbəst növdə atan Əzizli Azərbaycan Gənclər və İdman Naziriliyinin nominasiyaısnda qalib olaraq ilin ən yaxşı idmançıları sırasında yer aldı. O, İdman Araşdırmalar Mərkəzinin (İAM) və "Futbol+" qəzetinin sorğusunda ilin ən yaxşı idmançısı seçildi. İAM-ın Bakı Olimpiya Stadionunda keçirdiyi mükafatlandırma mərasimində Eldənizə mükafatı dayısı, tanınmış futbol mütəxəsissi, millimizin sabiq baş məşqçisi Şahin Diniyev təqdim etdi.
Rekord “Şah”la gəldi
Şəhriyar Məmmədyarov bu ilin sentyabrında tarixi reytinqə imza atdı. O, şəxsi əmsalını 2820-yə yüksəltməklə ölkə şahmat tarixində ən yüksək reytinqinin daşıyıcısı, rekordçusu sahibi oldu. Məmmədyarov üçün ilin son günləri də tarixi zəfərlə yadda qaldı. Bir neçə gün əvvəl “Şah” ləqəbli 33 yaşlı həmyerlimiz şahmatın rapid növündə dünya çempionatının gümüş medalçısı oldu.
FİDE-nin rəhbərliyində azərbaycanlı funksioner
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov Beynəlxalq Şahmat Federasiyasında (FIDE) eyni vəzifəyə təyin olundu. Bu, Arkadi Dvorkoviç oktyabrda FİDE-nin prezidenti seçilməsindən sonra gerçəkləşdi. Belə ki, yeni prezident qurumun Baş Assambleyasının Batumi şəhərində keçirilən iclasında vitse-prezidentlərdən birinin Məmmədov olduğunu bəyan etdi. Adıçəkilən şəxs 2016-cı ildə Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin direktoru kimi çalışıb, buildə Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirində də direktor olub. Onu da bildirək ki, 1995-ci ildən FİDE-nin prezidenti rusiyalı Kirsan İllümjinov idi.
"Əfsanə" məşqçilikdən getdi
Azərbaycan voleybolunun canlı əfsanəsi Faiq Qarayev məşqçilik karyerasını bu il başa vurdu. Voleybolumuzun inkişafında böyük xidmətləri olan, kiçik ölkə sayılan Azərbaycana klub və yığma səviyyəsində uğurlar qazandıran 61 yaşlı mütəxəssis səhhətində yaranan ciddi problemlə əlaqədar belə qərar qəbul etdi. Əslində, Qarayevin gedişi nə vaxtsa baş verəcəkdi. Sadəcə, belə tez və bu cür getməsi böyük təəssüf hissi ilə oldu. Qarayev zaman-zaman yığma və klub karyerasına müvəqqəti fasilə vermiş, başçılıq etdiyi komandaları müəyyən zaman kəsiyində köməkçilərinə tapşırmışdı. Amma hər dəfə də kənarda qalması ilə barışmayaraq yenidən sevimli işinin başına dönmüşdü. Bu il Yaponiyada keçirilən dünya çempionatında, konkret İtaliya ilə qarşılaşmanın gedişində də səhhəti pisləşdiyinə görə həkim yardımına ehtiyac duymuşdu. Görünür, həkimlər artıq davam etməyin mümksüzlüyünü, əsəb və stressin sağlamlığına daha ciddi zərbə vuracağını Qarayevin diqqətinə çatdırmışdılar.
Qeyd edək ki, qadınlardan ibarət yığmamız Faiq Qarayevin rəhbərliyi altında 4 dəfə DÇ, 7 dəfə AÇ-nin final mərhələsində oynayıb. “Azərreyl” ilə ÇL-in “4-lər finalı”nın (2004) iştirakçısı olub, “Top-komandalar” kubokunu (2002) qazandırıb. Azərbaycan məşqçilik sahəsinin ən istedadlı və ən uğurlu nümayəndəsi bundan sonra fəaliyyətini Voleybol Federasiyasının birinci vitse-prezidenti postunda davam etdirir.
Bakıda ilk mundial
Cüdo üzrə böyüklər arasında 2018-ci il dünya çempionatı ilk dəfə Azərbaycanda keçirildi. Bu haqda qərar Beynəlxalq Cüdo Federasiyası (İJF) 2016-cı ilin avqustun 8-də İcraiyyə Komitəsinin Braziliyanın Rio-de-Janeyro şəhərindəki iclasında qəbul olundu. Bunadək cüdo üzrə "Böyük dəbilqə" turniri bir neçə ildir böyük uğurla təşkil edən paytaxt Bakı bu dəfə mundiala ev sahibliyi etdi. Sentyabrın 20-dən 27-dək Milli Gimnastika Arenasında 125 ölkədən 800-dək idmançının iştirak etdiyi dünya çempionatı yüksək səviyyədə təşkil olunmasıyla diqqət çəkdi.
Mükafatçılar sırasında 22 ölkədən cüdoçular yer aldı. Azərbaycan komandası dünya çempionatının fərdi yarışlarında iki medal qazandı. Belə ki, Uşanqi Kokauri (100 kq-dan yuxarı çəki dərəcəsi) gümüş, Hidayət Heydərov (73 kq) isə bürünc medala sahib oldu. Çempionatın sonuncu – səkkizinci günündə qarışıq komanda yarışları keçirildi və 18 yığmanın mübarizə apardığı çempionatda Azərbaycan millisinin heyətində 11 cüdoçu yer aldı. Yığmamız bürünc medal uğrunda görüşdə Rusiya kollektivinə 1:4 hesabı ilə uduzaraq 5-ci yeri tutdu.
Hacıyev 60 illik yubileyinə 35 gün yaşamadı...
Bu il Azərbaycan futbolunda böyük itki baş verdi. “Neftçi”nin sabiq baş məşqçisi, AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev martın 16-da vəfat etdi. Hacıyev Azərbaycan futbolunun tarixində təmsilçimizi ilk dəfə qrupa çıxaran çalışdırıcı kimi düşüb. Bu, 2012-ci ildə "Neftçi"ylə Avropa Liqasında olmuşdu. Həmin il Moskva şəhərində beyin əməliyyatı keçirən Hacıyev uzun müddət ağır xəstəlikdən əziyyət çəkirdi. Tanınmış məşqçi fevralın 8-də infarkt keçirmişdi və onun ürəyinə Mərkəzi Klinik Xəstəxanada iki stent qoyulmuşdu. Mərhum Keşlə qəbiristanlığında dəfn olundu. Hacıyev yubileyinə 35 gün qalmış dünyasını dəyişdi. 2018-ci ilin aprelin 20-də 60 yaşı tamam olacaqdı.
Ardıcl 5-ci dəfə "Qarabağ"la
Azərbaycan ardıcıl 5-ci il avrokuboklarda qrupda təmsil olundu. Bu, yenə "Qarabağ"la gerçəkləşdi. Qurban Qurbanovun komandası 2014-cü ildən bu yana fasiləsiz qrupda ölkəmizin təmsilçisidi. Bu, 4 dəfə Avropa Liqasında, 1 dəfə - ötən il Çempionlar Liqasında (ÇL) olub. "Qarabağ" bu dəfə Avroliqada ən zəif nəticəsini göstərərək 3 xalla qrupda sonuncu yeri tutdu. Yeri gəlmişkən, ən zəif nəticə ÇL-də olmuşdu - 2 xal.
Onu da qeyd edək ki, "Qarabağ" ardıcıl 5-ci dəfə ölkə çempionu olmaqla bu göstəricidə özünəməxsus Azərbaycan rekordunu da yeniləyib. Qurban Qurbanovun yetirmələri Topaz Premyer Liqasında (TPL) 2013/14 mövsümündə bu yana hegemonluğu əldən vermir.
Milli Qurban Qurbanovla yollarını ayırdı
Bu ilin sonunda futbol üzrə Azərbaycan millisinin baş məşçqisi postunda yenidən dəyişiklik baş verdi. Belə ki, AFFA İcraiyyə Komitəsinin dekabrın 8-də keçirilən iclasında Qurban Qurbanovun vəzifəsindən ayrılmasıyla bağlı qərar qəbul olundu. Azərbaycan milli komandasının son 1 il ərzində göstərdiyi nəticələr nəzərə alınaraq və “Qarabağ”da fəaliyyəti üçün daha çox vaxt ayırmasına imkan yaradılması məqsədilə Qurbanovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildi. Aşağı yaş qruplarından ibarət yığma komadaların son 1 il ərzində nəticələri qeyri-qənaətbəxş sayıldığı üçün və müvafiq fəaliyyət strategiyası AFFA-ya təqdim olunmadığına görə U-21, U-18, U-17, U-16 və U-15 yığmalarının baş məşqçiləri ilə müqavilələr də pozuldu.
Yeni turnirdə ən yüksək yer
Azərbaycan millisi tarixində ilk dəfə yeni turnirdə çıxış etdi. Bu, UEFA Millətlər Liqası oldu. Qitə futbol qurumunun ilk dəfə keçirdiyi, AVRO-2020-nin final mərhələsinə vəsiqə verən bu turnirdə millimiz D liqasında mübarizə apardı. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Kosovo, Farer adaları və Malta yığmalarıyla bir qrupda yer alaraq 9 xalla 2-ci pilləni tutdu. Bu, millimizin 1994-cü ildən çıxış etdiyi rəsmi turnirlərdə tutduğu ən yüksək yerdi. Ancaq dünya və Avropa çempionatının seçmə mərhələsindən fərqli olaraq Millətlər Liqasında 2-ci yer növbəti mərhələyə vəsiqə vermədi. Millətlər Liqasında ilk xalımızı Bakıda Kosovoyla (0:0), ilk qələbəmizi Torshavnda Farer adalarıyla matçda (3:0) qazandıq, ilk qolumuzun müəllifi Maltayla Bakı Olimpiya Stadionundakı görüşdə (1:1) fərqlənən Təmkin Xəlilzadə oldu.
Səfərdə ilk darmadağın
Azərbaycan millisi 1994-cü ildən keçirdiyi rəsmi matçlarda ilk dəfə səfərdə böyükhesablı qələbə qazandı. Bu, qrupda III turda oktyabrın 11-də Farer adalarıyla Torshavnda qarşılaşmada 3:0 hesablı qələbəylə reallaşdı. Millimiz Riçard Almeydanın dublu, Dmitri Nazarovu qoluyla tarixi qələbəyə sevindi. Azərbaycan son 24 ildə təmsil olunduğu dünya və Avropa çempionatının seçmə mərhələsində bunadək rəqib meydanında yalnız 2 dəfə qələbə qazanmışdı. Bu, almaniyalı Berti Foqtsun baş məşqçiliyi vaxtında Lixtenşteyn üzərində 2:0, xorvatiyalı Robert Prosineçkinin dövründə San-Marino üzərində 1:0 hesablı qələbə olmuşdu. Millimiz ilk dəfə FİFA reytinqində özündən yuxarıda olan yığmadan maksimum xal götürə bildi.
"İnter"in bacarmadığını "Keşlə" etdi, 60-cı debütant "Sabah" oldu
1992-ci ildən keçirilən Azərbaycan Kubokunda yeni qalib oldu. Bu, tarixində ilk dəfə bu titula yiyələn "Keşlə" idi. Paytaxt təmsilçisi bunadək "İnter" adıyla 4 dəfə (2005, 2007, 2008, 2011-ci illərdə) finalda çıxış etsə də, kuboku qazana bilməmişdi. "Keşlə" kimi ilk final düşərli oldu. Bununla da Azərbaycan Kubokunu qazanan komandaların sayı 9-a çatdı. Daha öncə "Neftçi", "Qarabağ" (hərəyə 6 dəfə), "Kəpəz" (4), "Xəzər Lənkəran","Bakı" (hərəyə 3), "İnşaatçı", "Şəfa" (hərəyə 1) kuboku qazanıb.
1992-ci ildən keçirilən Azərbaycan milli çempionatı, 27-ci dəfə təşkil olunan yarış debütantla əlamətdar oldu. Belə ki, I Diviziondan Premyer Liqaya vəsiqə qazanan “Sabah” ilk dəfə Azərbaycan çempionatının yüksək dəstəsində mübarizə aparır. Elşad Əhmədovun baş məşqçisi olduğu debütant yarışın tarixinə 60-cı komanda kimi düşüb. Bunadək keçirilən 26 turnirdə 59 klub mübarizə aparıb. Bunadək sonuncu debütant 2015-ci ildə TPL-ə qatılan "Zirə"di. Hazırkı çempionatımızın digər 7 iştirakçısından ikisi bütün çempionatlara qatılıb. Bunlar ölkənin iki ən titullu klubu “Neftçi” və “Qarabağ”dı.
Hakimlərin başında ilk dəfə əcnəbi
AFFA-nın hakimlərlə bağlı qurumu ilk dəfə əcnəbiyə tapşıırldı. Bu, sentyabrın 14-də AFFA İcraiyyə Komitəsinin iclasında Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri vəzifəsinə təyin olunmuş Fritz Stuxlik oldu. 1966-cı ilin fevralın 11-də Avstriyanın paytaxtı Vyanada dünyaya gələn Stuxlik hakimlik karyerasına 1982-ci ildə başlayıb. 1992-ci ilin iyulundan 2009-cu ilin dekabrına qədər Avstriya Bundesliqasının hakimi olub. 1994-cü il yanvarın 1-dən 2009-cu il dekabrın 31-dək FIFA referisi olaraq fəaliyyət göstərib. Avstriya çempionatının yüksək divizionunda 267, beynəlxalq arenada isə 89 oyun idarə edib. Vyana Futbol Federasiyasında gənc hakimlərin təlim-tədrisi ilə məşğul olub. 2010-cu ildən FIFA/UEFA hakim-inspektorudur. UEFA Konvensiya meneceri, FIFA/UEFA RAP (Hakimlərə Dəstək Proqramı) təlimatçısıdı.
O, həmçinin, Avstriya Futbol Federasiyasında katib vəzifəsində çalışıb və bu ilin mart ayında qarşılıqlı razılıq əsasında həmin vəzifəsindən ayrılıb. Stuxlixin təyinatıyla Xaqani Məmmədovun AFFA-nın Hakimlər Komitəsində uzun müddətlik rəhbərlik dövrü başa çatdı. Sabiq FİFA referimiz artıq hakim-inspektorluqdan da kənarlaşdırılıb.
Əliyar Ağayevlə yazılan tarix
Əliyar Ağayev 2018-ci ildə UEFA-nın birinci kateqoriyalı hakimlər qrupuna yüksəldi. Bir neçə ildir ki FİFA referisi olan, beynəlxalq oyunlara təyinat alan 31 yaşlı ədalət təmsilçisi yüksək səviyyəli idarəçiliyinə görə birinci kateqoriyaya layiq görüldü. Əliyar müstəqillik dövründə bu pilləyə yüksələn ilk azərbaycanlı hakimdi. Bundan sonra daha mühün turnirlərin görüşlərinə təyinat alması gözlənilən Ağayev ÇL-in qrupunda debüt etməsə də, Avropa Liqasında və Millətlər Liqasında qrup matçlatında iş başında idi.
"Neftçi" üçün 10 ildən sonra yenidən əcnəbi, futbolumumuz üçün ilk italyan baş məşqçi
"Neftçi" 10 illik fasilədən sonra baş məşqçi postuna əcnəbi mütəxəssisi gətirdi. Bu, italiyalı Roberto Bordin oldu. 53 yaşlı mütəxəssis bu ilin iyulunda klubun Müşahidə Şurasının və təsisçilərin növbədənkənar iclasında bu vəzifəyə təyin edildi. Bununla da Bordin milli çempionatımızın tarixinə ilk italyan baş məşçqi kimi düşdü.
"Neftçi"nin 81 illik tarixində əcnəbi baş məşqçiləri müstəqillik dövründə olub ki, bunlar 2007-08-ci illərdə bir-birlərini əvəzləyən çexiyalı Vlastimil Petrjela, ukraynalı Anatoli Demyanenko və almaniyalı Hans Yurgen-Gededi. Bordinli "Neftçi" TPL-də qış çempionu oldu ki, bu da "ağ-qaralar"ın "Qarabağ"ın mövsümün qalibi olduğu son 5 ildə nail ola bilmədiyi göstəricidi.
Birinci Divizionla əvəzedicilər birləşdirildi
2018/2019-cu il mövsümündə Birinci Divizionda çempionatın TPL klublarının əvəzedici komandaları və ötən mövsüm Birinci Divizionda çıxış etmiş klubların iştirakı ilə keçirilməsinə haqda qərar çıxarıldı. Bu qərar AFFA İcraiyyə Komitəsinin iyulun 24-də keçirilən iclasında qəbul olundu. Turnirdə iştirak edən komandalar üçün yaş limiti "4 futbolçu – yaş limiti olmadan, 6 futbolçu – 1998-ci il və daha gənc təvəllüdlü, 1 futbolçu – 2001-ci il və daha gənc təvəllüdlü, yaş limiti tətbiq olunmayan 4 futbolçudan 2-si legioner ola bilər" kimi qəbul olundu. Hazırda I Divizionda mübarizə 14 komandanın iştirakıyla keçirilir ki, bunlardan yarısı TPL-in əvəzedici komandalarıdı. Yalnız "Qəbələ" əvəzedici komandası ləğv etdiyindən, iştirakçılar sırasında deyil.
8 il öncəki "burulğan"a yenidən düşdük
Azərbaycan bu il Avropa Liqasında hər 3 təmsilçisini birdən-bir ilk mərhələdəcə itirdi. Cümə axşamında “fatihə”si verilənlər "Keşlə", "Qəbələ" və "Neftçi" oldu. İlk 2 təmsilçimiz "cırtdanlar"ın qarşısında duruş gətirə bilmədi. Bunlar Malta "Baltsan"ı (səfərdə 1:4, evdə 2:1) və Lüksemburq "Proqres"i idi (evdə 0:2, səfərdə 1:0). "Neftçi" isə ilk matçda evdə 3:1 hesabıyla məğlub etdiyi Macarıstan "Uypeşt"inə səfərdə darmadağın olundu - 0:4. Nəticədə təmsilçimizi Avropa Liqasının qrupunadək irəliləyən "Qarabağ"ı tək qoydular. Sonuncu dəfə belə uğursuzluq 8 il öncə 2010/11 mövsümündə yaşamışdıq. Onda da 3 klubumuz startdaca mübarizəni dayandırmış və yalnız "Qarabağ"la Avropa yolçuluğumuza davam etmişdik. "İnter" Çempionlar Liqasında I təsnifat mərhələsində Polşa "Lex"inə oyunsonrası penaltilər seriyasında yenildi - 8:9. Bakıda və Lexdəki matçlarda qonaqlar 1:0 hesablı qələbə qazanmışdı. "Xəzər Lənkəran" Avropa Liqasında Moldovanın "Olimpiya" klubuna səfər qoluyla yenilmişdi - səfərdə 0:0, evdə 1:1. Azərbaycan Kubokunun qalibi kimi mübarizəyə birbaşa II təsnifat mərhələsindən qatılan "Bakı" isə Sloveniyanın "Mura" klubuna "boyun əymişdi" - evdə 0:0, səfərdə 0:2.
Vəli Qasımov üçün səfirlik və 50 illik yubiley
Azərbaycanı UEFA Avropa Liqasının 2018/2019 mövsümünün qrup mərhələsinin püşkatma mərasimində təmsil edəcək səfirlərindən biri müəyyənləşdi. Bu, avqustda AFFA-nın rəsmi saytının açıqladığı Vəli Qasımov idi. Vaxtilə Rusiya, İspaniya və Portuqaliyada legioner həyatı yaşayan keçmiş hücumçu bu dəfə yeni ampluada iş başında oldu.
Məlumdu ki, Avroliqanın final matçı 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Qaydalara əsasən, final oyununun səfiri veteran futbolçulardan biri olur. Qasımovun qrup mərhələsindən başlayaraq bütün püşkatma mərasimlərinə qatılması nəzərdə tutulub. Onun "siftə"si qrup mərhələsinin püşkatma mərasimində - avqustun 31-də Monakoda oldu. AFFA-nın baş katibi Elxan Məmmədovla birgə tədbirdə ölkəmizi təmsil edən Qasımov turnirin kubokunu səhnəyə gətirib. O, çıxış edərək Azərbaycanda futbola maraq çox böyük olduğu, bunu görmələri üçün bütün komandaların Bakıdakı final matçına vəsiqə qazanmalarını arzuladığını söyləyib. Daha sonra Qasımov püşkatma səbətlərinin yanına yox, tamaşaçılar arasındakı yerinə qayıdıb.
Ümumiyyətlə, bu il adıçəkilən şəxs üçün ikiqat əlamətdar oldu. Çünki Qasımov 50 illik yubileyini qeyd etdi. Bu məqsədlə noyabrın 15-də yoldaşlıq oyunu keçirildi. "Bayıl Arena"da baş tutan oyun Azərbaycan futbol veteranlarından təşkil olunmuş "Veteranlar" komandası ilə Vəli Qasımovla müxtəlif ölkələrdə və klublarda birgə çıxış etmiş əcnəbi veteran oyunçulardan ibarət "Dostlar" kollektivi üz-üzə gəldi. Qasımov ilk hissədə "Veteranlar", fasilədən sonra isə "Dostlar" komandasının heyətində yer aldı. Hər hissəsi 25 dəqiqədən ibarət olan matç 5:5 hesabı ilə başa çatdı. Səbəbkar hər iki komandanın heyətində fərqləndi.
Mirbadulla Abbasov ilin futbolçusu oldu
Bu il "Neftçi"nin gənc futbolçusu Mirabdulla Abbasov üçün uğurlu oldu. Belə ki, 23 yaşlı hücumçu ilin futbolçusu seçildi. Mirabdulla İAM-ın və "Futbol+" qəzetinin sorğusunda hamını qabaqlayaraq 1-ci oldu. Bu, Abbasovun karyerasında ilk belə uğurdu. Mirabdulla TPL-də mövsümün ilk yarısından sonra 6 qolla ən məhsuldar azərbaycanlı futbolçudu.
KAMAL RZA