Formula 1-də mübarizə aparan “Red Bull”un ehtiyat üzvü Daniel Rikkardo yenidən yarışlara qatılmağa hazır olduğunu söyləyib. Sport24.az xəbər verir ki, 33 yaşlı avtstraliyalı pilot buna baxmayaraq, titul uğrunda mübarizə aparan komandada yarışmaq istəyir: “Əlamətlər yenidən geriyə qayıdacağımdan xəbər verir. Ağlımda ancaq bu fikirlər dolaşır. Hamı da mənə hazır olduğumu söyləyir. Formula 1-dən getməyimdən bir neçə ay ötsə də, mən hələ də əvvəlki intensivliklə məşq edirəm. Elə bilirdim ki, bütün günü divanda əyləşib filmləri izləyəcəyəm, amma gördüm ki, bu mənlik deyil. Doğrusu, qayıtmaq xatirinə qayıtmaq da istəmirəm. Özümü hər şeyə 0-dan başlayan komandada görmürəm. Mən yenə qalib gəlmək istəyirəm”.
Xatırladaq ki, ötən ilə qədər Rikkardo “Maklaren” komandasına çıxış edirdi. O, heç bir yarışda fəxri kürsüyə yüksəlmədən 37 xalla mövsümü 11-ci sırada başa vurmuşdu.