Vaxtilə böyük perspektiv vəd edən ağırlıqqaldıran Firudin Quliyev yenidən böyük idmana qayıtmaq əzmindədir. 2015-ci ildə qadağa olunmuş preparatdan istifadəyə görə böyük idmandan kənarlaşdırılmış 28 yaşlı atlet redaksiyamızla əlaqə saxlayaraq, bu ilin sonunda diskvalifikasiya müddətinin bitəcəyini dilə gətirdi. Gənclər arasında Avropa çempionu tituluna yiyələnmiş həmyerlimiz Sport24.az-a verdiyi açıqlamada Azərbaycan Ağır Atletika Federasiyasının gileyini gizlətmədi:
"Mənə sadəcə, maraqlıdı, vaxtilə gənclər arasında dünya rekorduna imza atmış atlet bu gün federasiyaya lazımdı, ya yox? Bu illər ərzində məni itirib-axtaran olmayıb. Bu ölkəyə, ölkə idmanına lazım olub-olmamağımı bilmək istəyirəm. Hazırda ölkə xaricindəyəm. Məşq edirəm ki, forma yığım. Başa düşürəm ki, diskvalifikasiya müddətində ölkəmizi təmsil edə bilməzdim. Ancaq yaxın perspektiv barədə bilgi almaq istəyərdim".
Sayt əməkdaşımızın "Federasiyaya niyə müraciət etməmisiniz" sualına "ümidsizəm" deyən Avropa çempionu titulu əlindən alınmış idmançı "lazım bilsəydilər, bu illər ərzində itirib-axtarardılar" ifadəsini də əlavə etdi.
Məsələyə hərtərəfli aydınlıq gətirmək üçün Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyevlə əlaqə saxladıq. Həmsöhbətimiz dünya rekorduçusu nəticəsi də ləğv edilən idmançının real durumunu çılpaqlığı ilə izah etdi:
"Azərbaycan Ağır Atletika Federasiyası dopinqə qarşı mübarizəsində “sıfır dözümlülük” prinsipinə sadiqdir. Bu, bizim üçün strateji əhəmiyyət daşıyan mövzudur və bununla bağlı heç bir mövqe dəyişikliyimiz yoxdur, ola da bilməz. Adı qeyd edilən idmançı 2015-ci ilin 21 dekabr tarixində analizində qadağan olunmuş maddə - nandrolon tapıldığına görə 8 illik cəza alaraq uzaqlaşdırılmışdı. Buna qədər o, 2013-cü ildə daha bir dəfə cəzaya məruz qalmış, analizində oksandrolon və dehidrometiltestesteron maddəsi tapıldığına görə 2 illik cəza almışdı. Bu hallar səbəbindən atlet yığma komandadan avtomatik olaraq uzaqlaşdırılmışdı. Federasiya cəza müddətində sabiq idmançıya dəstək göstərmək ixtiyarına malik deyil. Bu, həm idman prinsiplərinin, həm də müvafiq qayda və məcəllərinin pozulması deməkdir ki, bunu da bizim etməyimiz mümkün deyil. Buna görə beynəlxalq qurumlar tərəfindən cəzalandırıla bilərik. Biz yalnız cəza müddəti bitəndən və aktiv idmançı fəaliyyətinə start verəndən sonra həmin şəxslərə karyerasını davam etdirmək üçün lazımi şərait yarada bilərik. Firudin Quliyevin cəzası bu ilin 21 dekabr tarixində bitir. Həmin tarixdən sonra o Respublika səviyyəli yarışlara qatıla, hazırlığını nümayiş etdirə, bundan sonra yığma komandanın məşqçilər heyətinin qərarına əsasən milliyə dəvət edilə bilər".
Göründüyü kimi, federasiya istəsəydi belə, Firudinə dəstək vermək hüququna malik deyildi. O başqa məsələ ki, diskvalifikasiya müddəti başa çatdıqdan sonra idman nəticələrini nəzərə alaraq Quliyevə hansısa formada dəstək göstərmək olar. Kim bilir, bəlkə illər ötsə də, o, yenidən podiuma qalxaraq, bayrağımızı yüksəyə ucalda biləcək!?