Azərbaycan futbolunda danışılmış oyunlarla bağlı yeni faktların üzə çıxarılması və buna uyğun cəzaların verilməsi davam edir. AFFA İntizam Komitəsinin dünənki iclasında 6 futbolçuya cəza verilməsi qərarı gündəmi zəbt etdi. Belə ki, I Divizionda MOİK-də çıxış edən Kamil Hüseynov, İlham Allahverdiyev, Rüstəm Rüstəmov, Elşən Veysov "ordu klubu"nun sabiq üzvü Qabil Sabirli, MOİK-in formasını geyinmiş, hazırda “Araz Naxçıvan”ın qapıçısı olan Fərman Bayramova danışılmış oyunlar barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmağına qadağa qoyulub. Adları çəkilən futbolçular 6 aydan sonra futbol fəaliyyəti ilə məşğul ola bilərlər.
Bundan əlavə, Samir Hüseynov adlı şəxsin oyunların təşkil edilməsinə görə futbolla bağlı hər hansı fəaliyyətdən ömürlük məhrum edilərək AFFA və PFL bayrağı altında keçirilən matçlarda stadiona daxil olmağı qadağan edilib.
Qərarla bağlı suallarımızı ünvanlamaq üçün İntizam Komitəsini sədri Erkin Hüseynova müraciət etsək də, cəhdimiz baş tutmadı. O, özü danışmaq istəməyərək, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli ilə söhbətləşməyi daha məqsədəuyğun saydığını bildirdi. Səlimli ilə qaranlıq məqamlara aydılaşdırmağa çalışdıq.
- Əvvəldən onu deyim ki, hansısa suallara cavab verə bilməyəcəmsə, məni düzgün başa düşərsiniz. Çünki konfidensiallıq məsələsi var. Yəni, istintaqla bağlı hansısa məsələləri açıqlaya bilmərəm.
- Cəzalanan MOİK-in futbolçularının hansı oyuna görə cəzalandırıldıqları açıqlanmır. Bunun səbəbi nədi? Çünki MOİK-in baş məşqçisi Qəzənfər Abbasov ölkə mətbuatına etiraf edib ki, bu, "Səbail"lə Kubok matçıdı. Bundan savayı daha bit məqam: oyunlar, yoxsa bir matçdan gedir söhbət?
- İstintaq əməliyyatları getdiyinə görə sadəcə, onu deyə biləcəyim budu - o oyunçuların danışılmış oyundan xəbəri olub, təklif alıblar. Onlara ittiham yalnız budu və buna uyğun qərar verilib. Bu gün bildiyimiz budu ki, vaxtında xəbər verə bilməyiblər. Oyunu isə üzürlü sayın, deyə bilməyəcəm.
- Yaxşı, sualı belə qoyaq - oyun idi, yoxsa bir neçədi?
- Ola bilər bir neçə olsun. İstintaq gedir. Onsuz da bu hal təsdiqini tapanda - istəyir bir olsun, istəyir beş - İntizam Komitəsində bir maddə var ki, onunla cəza verə bilərlər. Başqa bir şeylər çıxsa, fərq etməz. Hər bir şəxsə qayıdılır və o maddələrə uyğun cəzalar verilir.
- Siqnal necə gəlir ki, filan futbolçular episentridədrilər?
- Ümumiyyətlə, şəxslərdən danışmayaq. Hansısa bir siqnalı soruşmaq istəyirsinizsə, bu, cürbəcür gəlir. Məlumat verən şəxslərdən tutmuş UEFA-dan, hüquq-mühafizə orqanlarından, klubun daxilindən və s. Bu kimi məlumatlar ola bilər və onlar üzərində işlənilir. Bundan sonra hər hansı bir şeylər aşkarlana bilər. Amma məlumat olarar konkret spesifik bir mənbə deyil.
- Qərarda cəzanın səbəbi kimi həmin futbolçuların danışılmış oyunlar barədə müvafiq orqanlara məlumat verməmələri göstərilib. Belə çıxır ki, bu 6 futbolçuya oyun satmaq təklif olub, imtina ediblər?
- Bəli-bəli, tam doğru. Sözsüz ki, söhbət oyun manipulyasından gedir. Onların məlumatı olub və bunu xəbər verməyiblər.
- MOİK "Səbail"ə qarşı oynayıb. Qarşı tərəf - Premyer Liqa təmsilçisinin bu işlərə aiddiyyatı necə?
- Bu gün bu şəxslərdən danışdıqsa, onlar haqda məlumat verə bilərəm. Qalan suallar isə istintaq məsələləridi. Kimin hansı formada qatılıb-qatılmaması, nə dərəcədə bu işlərə bulaşması artıq istintaq mövzusudur deyə üzürlü sayın, cavablandırmayacam. Verdiyiniz suallar artıq istintaq predmeti olan şeylərdi. Nəyin, necə olması artıq kofidensial məsələlərdi və bunlar açıqlanmır.
- MOİK-in 2 futbolçusu - Fərmayıl ƏIiyevlə Emin Mehtiyev bu ilin yanvarında həmin 0:4-də ömürlük futboldan uzaqlaşdırıldı. Bundan 4 ay sonra növbəti qərar. Zaman bir qədər çox deyil?
- İstintaq əməliyyatları deyəndə, ağla təkcə hüquq-mühafizə orqanları gəlməsin. Onda da öncə hansısa bir hallar, qovulmalar oldu. Orda şəxslərə tətbiq olunan cəzalar illər öncəyə görə olmuşdu. Araşdırma uzun müddət də ola bilər, qısa müddət də.
- Məsələni bitmiş saymaq olar, yoxsa...?
- Bu haqda yekun olaraq heç nə deyə bilmərəm. Çünki araşdırma gedir hələ də. Hər şey ola bilər.
- Bu 2 futbolçunun həbs olunması ilə bağlı məsələ gözlənilir? Bununla bağlı AFFA-dan müraciət olubmu?
- Gəlin, belə deyək, bu, ictimailəşən məsələdi. Məsul orqan görə biləcəyi iş haqqında məlumatlıdı. İndi artıq nəyi necə edəcəksə, onlara müraciət edib suala cavab almağınız daha doğru olar. Dediyiniz məsələ birbaşa mənim məsuliyyətimdə deyil. Bugünkü açılan bu məsələlər onsuz da hüquq-mühafizə orqanları ilə sıx mütəmadi gedilən işlərdi və bunun nəticəsi kimi ortaya çıxır. Kifayət qədər məlumatları var və düşünürəm ki, hansı tədbiri görmək lazımdı, onlar daha doğru bilirlər. Sözsüz ki, öz işlərini özləri daha yaxşı bilirlər. AFFA-nın müraciət edib-etməməsi haqda isə yaxşı olardı rəhbərlikdən soruşasınız.
- Cəzalanan futbolçulardan biri - qapıçı sonradan "Araz Naxçıvan"da oynayıb. Tovuzda isə 5:6 hesabıyla qalib gəldikləri matçda Fərman Bayramov ehtiyatda qalıb. Bu görüş şübhəli oyunlar sırasındadı?
- Oyundakı top sayına görə o sualı verirsinizsə, vurulan topların fərqi cürbəcür ola bilər. Əsas odu ki, tərkibində manipulyasiya var, ya yoxdu. Hər oyundan şübhələnə bilmərik. Ən azından hər bir matç nəzarətdədi.
- Bir dəqiqədə 2 avtoqol olub həmin matçda...
- Geriyə dönüb, xatırlamaq lazımdı. Mənə elə gəlmir ki, Fərman həmin matçda oynasaydı, şübhəli ola bilərdi. İnsan haqda o formada fikrimi yürütmək istəməzdim. Onsuz da hər adamdan şübhələnmək olar. Əsas olmalıdı. Bilmək istəyirsinizsə, bu gün şübhəli olan oyunlar var. AFFA-nın baş katibi Sərxan Hacıyev də açıqlama verib, bəzi oyunlar şübhəlidi, araşdırmalar gedir.
- Bu qədər seminar keçirirsiniz danışılmış oyunlarla bağlı. Amma bunun kökü kəsilmir. Sizcə, niyə? Təəssüf ki, daha çox I Divizion buna bulaşır....
- Bu, tək bizdə deyil, bütün dünyada baş almış bir virusdu.
- Dünyayla işimiz yoxdu, öz mətbəximizdən danışaq...
- Bu, tək futbolda deyil, demək olar bütün idman növlərinə sirayət edir, sıçrayır. Analogiya aparsaq, yaşadığımız dövlətə baxsanız, maşallah, hər şey qaydasındadı, amma yenə cinayətlər var. Maarifləndirmə də var, hər kəs əməlin pis olduğunu bilir. Onsuz da onları məlumatlandırırıq ki, bundan çəkinsinlər. Bunu etmirlərsə, yekun belə olursa, nə demək olar? İnsan olduqca, cinayətkarlıq da var. Bir maarifləndirməklə mübarizə aparmaq olmaz.
-Yəni, bunun kökünü tam kəsmək olmayacaq?
- Deyə bilmərəm bunu. Yəqin, cinayətkarlıq olduqca, bu, davam edəcək. Biz ən azından çalışırıq ki, bu halların sayı azalsın. Son illərə baxsaq, obyektiv deyək ki, azalmalar var. Ən azından mətbuatla götürsək, bunu görə biləcəyik.
- Şəxsi fikrimi ifadə edim ki, I Diviziondakı futbolçular az məvacib alırlar, ona görə də kənardan gələn şirniklədirici təkliflərə gedirlər....
- Fikrinizə hörmətlə yanaşıram. Bəli, bu da bir fikirdi.
MEHMAN SÜLEYMANOV