Misli Premyer Liqasında 2023/24 mövsümündə VI tur arxada qaldı. Sport24.az hələ 2017/18 mövsümünün ilk turundan başladığı Turun “ƏNLƏR”i rubrikasıyla yenidən görüşünüzə gələrək, bu dəfə son turunun "simvolik yığması"nı təqdim edir.
"Simvolik yığma"
Qapıçı: Tiaqo Silva ("Zirə")
Müdafiəçilər: Məqsəd İsayev ("Zirə", 2) - İqor Ribeyro ("Araz-Naxçıvan") - Vanderson Melo ("Araz-Naxçıvan") - Qismət Alıyev ("Zirə", 3)
Yarımmüdafiəçilər: Hamidu Keyta ("Qarabağ") - Yadin Luqasi ("Səbail") - İsmail Azzaui ("Araz-Naxçıvan", 2)
Hücumçular: Orxan Əliyev ("Araz-Naxçıvan", 2) - Aleksandar Ramalinqom ("Səbail", 2) - Osama Xalayla ("Qəbələ")
Turun BAŞ MƏŞQÇİsi - Qurban Qurbanov ("Qarabağ", 3)
Turun mərkəzi matçında son çempion yaxşı oyunla layiqli qələbə qazandı. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanı oyuna yaxşı hazırlamışdı. Hərçənd, millilərin matçlarıyla əlaqədar ikihəftəlik fasilə olduğundan tam heyətlə hazırlaşmaq mümkün olmamışdı. Üstəlik, yerli futbolçularla bağlı sıxıntı heyətin müəyyənləşməsinə təsirini göstərdi. Bununla belə, Qurbanov meydana buraxdığı futbolçular "Sabah"ı bütün komponentlərdə üstələdi. Hər halda, rəqibin baş məşqçisi Murad Musayev də bunu etiraf etdi. Qurbanov rusiyalı həmkarını uğurlu əvəzetmələrdə də üstələdi ki, "Qarabağ"ın 2:0 hesablı qələbəsində 2-ci hissədə meydana çıxan Hamidu Keyta gözəl qolla pay sahibi oldu.
Turun QƏHRƏMANı - Osama Xalayla ("Qəbələ")
Yay transferlərindən olan bu israilli hücumçu keçən turda baş məşqçi Elmar Baxşıyev tərəfindən nizam-intizama görə şans qazanmamış, sonadək ehtiyatda qalmışdı. Görünür, bu qulaqburması müsbət effekt verib. Belə ki, Xalayla "Turan Tovuz"la səfər matçında 63-cü dəqiqədə, komandası hesabda 0:2 geridə olanda meydana çıxdı və qəhrəman oldu. Belə ki, Osama 7 dəqiqəyə etdiyi dublla "Qəbələ"ni məğlubiyyətdən xilas edərək vacib xal qazandırdı.
Turun ANTİQƏHRƏMANı - Vladislav Vasilyuçek ("Kəpəz")
Mövsümə çox yaxşı başlayan bu belaruslu qapıçı sonradan kobud səhvləriylə yadda qaldı. Belə ki, bunadək "Turan Tovuz"la ev matçında da bağışlıanmaz xətaya yol verən Vasilyuçek Gəncədə yenə "fərqləndi". Bu dəfə "Səbail"lə öz meydanlarındakı görüş idi. Vladislav buraxdığı ilk qolda ciddi səhvə yol verərək, komandasını "sındırdı" və növbəti məğlubiyyətlərinin əsasını qoydu. Ümumiyyətlə, təcrübəli qolkiper həmin gün meydanda ən zəiflərdən idi.
Turun KOMANDAsı - "Araz-Naxçıvan"
Naxçıvan təmsilçisi 9 illik fasilədən sonra Premyer Liqaya qayıtsa da, heç də özünü debütant kimi aparmır. Belə ki, indiyədək bir sıra rəqiblərə başağrısı olan "Araz-Naxçıvan" Adrian Mutulu "Neftçi"nin də "kefinə soğan doğradı". Muxtar Respublika təmsilçisi həm müdafiədə, həm də hücumda yaxşı oynayaraq layiqli 3 xal qazandı. "Dalğa Arena"dakı matçda nominal meydan sahibləri olan Azər Bağırovun yetirmələri meydanda komanda şəklində güclü idi. Özü də unutmayaq ki, "ağ-qaralar" bunadək ardıcıl 2 matçıda qələbə qazanırdı.
Turun SİTATı - Murad Musayev ("Sabah", 3)
Adıçəkilən rusiyalı mütəxəsssisi adətən "texniki zona"da çox emosinal görürük. Amma bu dəfə Murad Oleqoviç özünə bəzəməyərək sakit idi. "Qarabağ"la oyunsonrası mətbuat konransında bununla bağlı sual ondan ibarət idi ki, sakitliyiniz ilk dəqiqələrdən məğlubiyyətlə barışmağınız anlamına gəlimi? Musayev bu zaman coşdu və maraqlı açıqlamalar verdi:"Əsəbi oluram, pisdi, sakit oluram, deyirsiz məğlubiyyətlə barışıb. Mənə deyin, özümü necə aparım?".