Misli Premyer Liqasında VI tur arxada qaldı. Sport24.az turun maraqlı məqamlarından ibarət "Top-5"i diqqətinizə çatdırlr.
Populyar hesab yenidən qeydə alındı
"Qarabağ"la "Sabah" arasında yubiley matçı keçirildi. Belə ki, adıçəkilən komandalar Premyer Liqada 20-ci dəfə görüşdülər. Onların qarşılaşmalarıda ən populyar hesab yenidən qeydə alındı. Belə ki, 5-ci dəfə 2:0 hesabı oldu. Özü bunların hamısında qalib tərəfin"Qarabağ" olduğunu vurğulayaq. O da maraqlıdı ki, rəqiblər 5 il əvvəl ilk dəfə görüşəndə də Qurban Qurbanovun komandası meydanı 2:0-lıq qələbəylə tərk etmişdi.
Onu da bildirək ki, "Sabah" yenə "Qarabağ" səfərindən qələbəsiz qayıtdı. "Süvarilər" 3 oyunluq fasilədən sonra "bayquşlar"ı yenidən məğlub edə bildi.
Gəncə çoxdandı buna şahid olmamışdı
Cari mövsümdə hələ baş məşqçi istefası olmasa da, son turda Gəncədə "istefa" şüarları səsləndi. Bu, “Kəpəz” – “Səbail” matçında tribunada oldu. Belə ki, qonaqlar ikinci qolu meydan sahiblərinin qapısından keçirəndən sonra bir qrup azarkeş rəhbərliyə etiraz əlaməti olaraq bu addımı atdılar.
Yekun nəticə isə "Kəpəz"in böyükhesablı məğlubiyyətini rəsmiləşdirdi - 0:3. Bununla da komanda 4 illik fasilədən sonra Premyer Liqaya qayıtdığı 2-ci mövsümdə ilk dəfə Gəncədə darmadağın olundu. "Sarı-göylər"in keçən mövsümdə evdə məhz 0:3-la məğlubiyyəti olsa da, bu, Qəbələdə olmuşdu. Onda rəqiblərini orda qəbul edərək nominal meydan sahibi olan "Kəpəz" "Qəbələ"dən böyükhesablı yenilgi almışdı.
Tovuz yenə bu "comeback"ə üzüldü
Cari çempionatda ilk əzmkar heç-heçə bu tur qeydə alındı. Belə ki, "Turan Tovuz" evdə "Qəbələ"yə matçda hesabda 2:0 irəlidə olsa da, sonradan 2 top buraxaraq 2:2-lik bərabərliklə kifayətlənməli oldu.
Maraqlıdı ki, son dəfə belə geridönüş məhz Tovuz şəhər stadionunda olmuşdu. Bu, "Turan Tovuz"un keçən çempionatda son ev matçı idi. Onda "Səbail"l qəbul edən Ayxan Abbasovun komandası hesabda 2:0 öndə olmasına baxmayaraq, həmin vaxt da son 20 dəqiqədə buraxdığı 2 qolla qələbəni əldən vermişdi.
"Qəbələ"nin məşqçiləri bir-bir qovulur
"Qəbələ"ylə davam edərək ardıcıl 2-ci turdu komandanı meydana çıxaran məşqçilərin cəzalanması diqqət çəkir. Belə ki, keçən turda "Zirə"ylə ev matçında baş hakim Cavid Cəlilov baş məşqçi Elmar Baxşıyev "texniki zona" qaydalarını pozduğuna görə 1 dəqiqə ərzində 2 sarı vərəqə göstərərək tribunaya göndərmişdi. Belə olan halda, Baxşıyev cəzalı duruma düşdüyündən, "Turan Tovuz"la səfər matçına komandanı köməkçisi Xaqani Məmmədov çıxarmışdı. Ona isə 30-cu dəqiqədə baş hakim Əliyar Ağayev ardıcıl 2 sarı vərəqə göstərərək, "texniki zona"dan qovmuşdu. Buna səbəb məşqçinin hakimin qərarına etiraz idi.
Beləliklə, növbəti turda Baxşıyev 1 oyunluq cəzasını başa vurub qayıdanda Məmmədov yanında olmayacaq. Həmin görüş isə "Qarabağ"la ev matçı olacaq.
Orxan Əliyev tarixə düşdü
"Araz-Naxçıvan" 9 illik fasilədən sonra Premyer Liqaya qayıdaraq yenidən "Neftçi"ylə qarşılaşdı. Naxçıvan klubu "ağ-qaralar"la bunadək XX əsrin sonu - XXI əsrin əvvəlində görüşərək nəinki qalib gəlməmiş, qol da vura bilməmişdi. İlk qol ilk qol qələbə gətirdi. Belə ki, Muxtar Respublika təmsilçisi bu dəfə rəqibini doğma rayonda yox, paytaxtda qəbul edərək hücumçusu Orxan Əliyevin penaltidən vurduğu qolla 1:0 hesabıyla məğlub etdi.