Misli Premyer Liqasında XXXV tur bir sıra maraqlı məqamlarla yadda qalıb. Sport24.az onlar arasında "Top-5"i diqqətinizə çatdırır.
"Sumqayıt"ın "Azərsun Arena"da ilki
“Qarabağ” cari mövsümdə ilk ev məğlubiyyətini alıb. Belə ki, son turda "Azərsun Arena"da “Sumqayıt”a 1:2 hesabı ilə uduzan Qurban Qurbanovun komandası çempion olduğu matçdan sonrakı turda, öz meydanındakı 17-ci matçda xalsız qalıb. Ağdamlılar əvvəlki 16 görüşdə 12 qələbə qazanmış, 4 heç-heçə etmişdi.
"Köhlən atlar" 2021/22 mövsümündə 14 ev matçının hamısını məğlubedilməz keçirmişdi. Sonuncu məğlubiyyət bundan əvvəlki mövsümə - 2021-ci il fevralın 13-nə gedib çıxır. Onda Tofiq Bəhramov adına Respublika stadionunda “Neftçi”yə 1:2 hesabı ilə yenilən bölgə təmsilçisinin evdə məğlubiyətsiz oyunlar seriyası 36 matç təşkil edib və bu, klub tarixinin rekordudu.
"Sumqayıt" isə ilk dəfə "Azərsun Arena"da qələbə sevinci yaşayıb. Belə ki, bunadək "Qarabağ" üzərində ilk səfər qələbəsi Premyer Liqada debüt mövsümündə - "Sumqayıt Şəhər" adlananda mərkəzi arenada 2:1 hesabıyla olmuşdu.
"Neftçi" həsrəti bitirdi
"Qarabağ"ın əzəli rəqibi, bürünc medalçı "Neftçi"sə Premyer Liqada qələbəsiz seriyaya son qoyub. Belə ki, Laurentsiu Regekampfın komandası buna Qəbələdə "Kəpəz" üzərində 3:1 hesablı əzmkar qələbəylə nail olub.
"Neftçi" son dəfə 6 tur əvvəl - XXIX turda qələbə qazanaraq, "Sumqayıt"ı səfərdə 4:0 hesabıyla məğlub etmişdi. Bu, aprelin 8-də olmuşdu.
"Sabah" dayandı
Cari çempionatın daha bir medalçısı - gümüş mükafatçı "Sabah"ın isə qələbə seriyası qırılıb. Belə ki, Murad Musayevin komandası XXX turda lider "Qarabağ"ı evdə 2:1 hesabıyla məğlub edəndən sonra qələbələri sıralayırdı. Bu seriya "Zirə"ylə öz meydanında qolsuz bərabərliklə etməsiylə dayandı.
"Sabah"ı son "sülh"ü da məhz "Qarabağ"la olmuşdu. Bu, XXII tura gedib çıxır ki, səfərdə 1:1 hesablı bərabərlik qeydə alımışdı.
"Zirə" heç kimin "abunəçi"si olmadı
"Zirə" bu çempionatda "abunəçi"likdən yaxa qurtardı. Belə ki, Rəşad Sadıqovun komandası buna yalnız "Sabah"la son görüşdə üzləşə bilərdi. Amma bunadək rəqibindən 3 məğlubiyyət alan "qartallar" bu dəfə xal qazana bildilər.
"Zirə" digər medalçılar "Qarabağ"la "Neftçi", habelə, Konfrans Liqasına çıxmaq uğrunda rəqibi olan "Qəbələ"ylə matçlarını artıq başa vuraraq, heç birində 4 məğlubiyyət almayıb.
"Sinxron üzgüçülər"
Məlumdu ki, cari çempionatda son tur öncəsi qalan iddialar - Konfrans Liqasına vəsiqə verən 4-cü yer və I Diviziona düşəcək son pilləni tutmamaq uğrundadı. Avrokuboklara vəsiqə uğrunda rəqib olan "Qəbələ"ylə "Zirə" səfərdə eyni nəticəyə imza atdılar - qolsuz bərabərliklər. Sonuncu olmamağa çalışan "Şamaxı"yla "Səbail" də heç-heçə etdilər. Sadəcə, şamaxılılarda bu, evdə 0:0 oldusa, "dənizçilər"də Tovuzda 2:2 etdilər.
Göründüyü kimi, rəqiblər bu turda bir növ "sinxron üzgüçülüyə" imza atdılar. Nəticədə "Qəbələ" ilə "Səbail" rəqibləri ilə xal fərqlərini qoruyaraq, qarşılarına qoyduqları məqsədə çatmağa daha yaxındırlar.
.