Misli Premyer Liqasında XV tur maraqlı məqamlarla yadda qalıb. Sport24.az onlar arasında "Top-5"i təqdim edir.
Vajdidən Mahmudovadək
Bu çempionatda ilk het-trik qeydə alınıb. Buna "Neftçi"nin kapitanı Emin Mahmudov imza atıb. O, "Səbail"lə "Bakcell Arena"kı matçda komandasının bütün qollarına imza atıb - 3:1.
Premyer Liqamızda son het-trik son mövsümün son dövrəsində olub. Onda "Qarabağ"da çıxış etmiş seneqallı hücumçu İbrahima Vadjiyə "Şamaxı"nı "Azərsun Arena"da 8:0 hesabıyla məğlub etdikləri matçda 3 qol vurmaq üçün 22 dəqiqə bəs etmişdi. Bu, hazırkı ilin aprelin 15-də olmuşdu. Yəni, çempionatımızda 226 gün əvvəl.
Maraqlıdı ki, Vajki də, Mahmudov da Premyer Liqamızda ilk het-triklərini gerçəkləşdiriblər. Emin ümumiyyətlə, karyerasında ilk dəfə bu göstəriciyə imza atıb.
İlk dəfə 3 heç-heçə
Cari mövsümdə ilk dəfə bir turda 3 heç-heçə qeydə alınıb. Bu, "Qarabağ" - "Zirə" matçında qolsuz, "Şamaxı" - "Kəpəz" və "Sumqayıt" - "Qəbələ" görüşlərində 1:1 hesablı bərabərliklə reallaşıb.
Keçən mövsüm belə "sülhsevərlik" olmayıb. Ondan əvvəl - 2020/21 mövsümündə XX turda 3 bərabərlik baş verib - 0:0-lar və 2:2. Bunun aprelin 10-11-də olduğunu nəzərə alsaq, 19-20 aydan sonra yenidən bu, baş verib. Sadəcə, həmin vaxt 8 komanda çıxış etdiyindən, 1 turda 4 matç keçirilirdi. İndisə 10 komanda yarışdığından, hər tur 5 görüş olur.
"Qarabağ" 4,5 ildən sonra bu uğursuzluqla üzləşdi
Premyer Liqamızın lideri "Qarabağ" ardıcıl 2-ci turda qələbə üzünə həsrət qalıb. Halbuki, Qurban Qurbanovun komandası bunadək 13 turda qələbələri sıralayırdı. Amma bundan sonra "Sabah"la səfər və "Zirə"ylə ev matçlarında qolsuz bərabərlik olub. Göründüyü kimi, ağdamlılar qol belə vura bilməyib.
"Qarabağ" son dəfə çempionatda ardıcıl 2 matç qalib gələ bilməməsi, məhz heç-heçələr etməsi keçən mövsümdə müşahidə olunub. Maraqlıdı ki, onda da rəqiblər "Sabah"la "Zirə" idi. Sadəcə, burda fərqli məqamlar var. Əvvəla, "Qarabağ" onda son dövrədə idi və "Sabah"la evdə 1:1 oynayaraq çempionluğu rəsmiləşdirmiş, ardından zirəlilərlə "Azərsun Arena"da qolsuz bərabərliyə qalmışdı.
"Süvarilər"in son dəfə Premyer Liqada ardıcıl 2 turda qol vura bilməməsi isə 2017/18 mövsümünə gedib çıxır. Onda Qurban Qurbanovun komandası artıq çempion olmuş, mayda XXVI turda "Neftçi"yə evdə 0:1, səfərdə "Keşlə"yə ("Şamaxı"ya) 0:3 hesabıyla yenilmişdi.
"Kapital Bank Arena"da 1:1-dən 1:1-dək və pozulan tendensiya
"Sumqayıt"ın "Qəbələ"ylə son 4 ev matçında qol vuran qalib gəlirdi ki, bu tendensiya pozulub. Belə ki, qəbələlilər hesabı açsa da, rəqibdən sona yaxın qol buraxaraq qələbəni əldən verib. Sumqayıtda son dəfə hər iki komandanın qol vurması 2019/20 mövsümündə olub ki, onda da "Kaptal Bank Arena"dakı matçda 1:1 hesablı bərabərlik olması maraqlı məqamdı.
"Səbail" "qara yubiley"in bir addımlığında
"Səbail" isə "Neftçi"yə artıq 9 matçdı məğlub olmaqda davam edir. Göründüyü kimi, "qara yubiley"ə çox az qalıb. "Dənizçilər" son dəfə 2020-ci ilin martın 1-də "neftçilər"dən evdə xal ala bilib - 1:1. Bundan sonra həmin 2019/20 mövsümünün ölkədə koronavirus pandemiyasına görə karantin rejimiylə əlaqədar yarımçıq dayandırıldığı və sonda başa çatdırılmadığı məlumdu. Maraqldı. görəsən, "Səbail"in "Neftçi"dən xal almaq həsrətini bitirsə, çempionatımız yenə dayanacaq?