"Turan Tovuz" bir neçə futbolçunu baxışdan keçirir. Bu haqda Sport24.az-a komandanın baş məşqçisi Ayxan Abbasov məlumat verib.
O, yerli futbolçularla yanaşı, bir əcnəbinin də sınaq prosesinə dəvət etdiklərini vurğulayıb: "Bu, "Qarabağ"ın sabiq legioneri Faysal Rerrasdı. Mərakeş əsilli bu təcrübəli cinah müdafiəçisi xeyli vaxtdı oynamayıb və menecerlər tərəfindən baxışdan keçirmək təklif olundu. Biz də razılıq verdik və hazırda məşqlərimizdə iştirak edir. Onunla bağlı qərar vermək üçün hələ tezdi. Hazırlığıa yeni başlamışıq və azı iki həftə bizimlə olar. Hələ ki bugünkü gün üçün legioner gəlişi, transferi gözlənilmir. Büdcənin açıqlanmasını gözləyirik. Əcnəbi futbolçu sayı götürsək, birbaşa müqaviləyə dəvət edəcəyik. Hələ ki yerli futbolçuların keçid məsələlərini həll edirik".
Abbasovla söhbətimizdə bəlli oldu ki, vaxtilə Premyer Liqamızda oynamış futbolçulardan da düşərgədə yer alanlar var. Hətta bunlardan biri Premyer Liqamızda mövsümün bombardiri olmuş hücumçu Nurlan Novruzovdu. Digəri isə "Qəbələ"nin sabiq mərkəz müdafiəçisi Sadiq Quliyevdi ki, keçən mövsüm oynamayıb: "Tovuzlu futbolçularla birgə 25 nəfər hazırlığımızda iştirak edir. Köməkçilərlə bağlı, əvəzedici komandamızı çalışdırıcısı ilə bağlı da məsələ açıq qalıb. Bu da büdcədən asıdılı. Yəqin, bir həftəyə aydınlıq gəlir".
Xatırladaq ki, Novruzov keçən mövsüm "Maçindra"nın heyətində Nepalda çempion olub.
MEHMAN SÜLEYMANOV