Premyer Liqa təmsilçilərimizdən "Sumqayıt" transfer bazarında hələ ki passivdi. Üstəlik, kluba artıq legioner transferinə də icarə verilsə də, hələ ki ümumiyyətlə, mövsümlərarası fasilədə yeni futbolçu keçidi olmayıb. Bütün bunlarla bağlı klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədova müraciət edərək, son vəziyyətlə maraqlandıq: "Yeni çempionatın başlanma tarixi bilinəndən sonra belaruslu baş məşqçimiz Aleksey Baqa növbəti mövsümlə bağlı planları yazaraq rəhbərliyə təqdim edib. O, gedəndə geridönüş bileti də alınmışdı. Belə ki, Baqa 25 iyun tarixində Bakıda olacaq. Onun verdiyi hazırlıq proqramına əsasən komanda iyunun 27-dən təlim-məşq toplanışına başlayır. Bu, iyulun 16-dək Sumqayıtda olacaq. 16-dan 30-dək isə komandamız iki həftə Boluda "Koru" otelində məskunlaşacaq, 3 yoxlama matçı keçirəcək".
Məmmədov transfer məsələlərinə də toxunaraq, digər klublardan fərqli əcnəbi futbolçuların keçidiylə bağlı məsələdə onlarda konkret sual işarəsi olduğunu diqqətə çatdırıb: "Xatıdadım ki, bizdə iyunun 3-də klubun Müşahidə Şurasının iclası keçirildi. Orda bizə rəsmi məlumat verildi ki, "Sumqayıt"da əcnəbi futbolçuların çıxışına icazə verilsin. Həmin tarixdən klub prezidenti, baş məşqçi və idman direktoru - üçü birlikdə yeni mövsüm üçün legionerləri nəzərdən keçirməyə, izləməyə başladılar. İnşallah, baş məşqçiyə təqdim olunan futbolçular da var, bəyəndikləri də. Hal-hazırda transfer məsələləri ilə bağlı futbolçularla danışıqlar gedir. Həmin prosedur öz qaydasında rahat şəkildə davam edir. Burda heç bir əngəl yoxdu. Düşünürəm ki, yeni iş həftəsindən yeni futbolçuların komandaya cəlb olunmasıyla bağlı artıq rəsmi açıqlamalara başlayacağıq. Yəni, bu barədə də heç bir sıxıntı yoxdu".
CEYHUN ƏLİYEV