"Çempionat sona yaxınlaşdıqca komandalar daha da aqressivləşəcək. Çünki həm son pillənin, həm də avrokuboklara gedəcək komandalar müəyyənləşir. Milli komandanın oyunları səbəbindən yaranan fasilədə "Kəpəz" və "Səbail" tam heyətlə hazırlaşıblar. "Səbail"dən yalnız qapıçı Emil Balayev millidə idi. Digər oyunçular məşqə qatılırdı". Bunu Sport24.az-a açıqlamasında PRO kateqoriyalı məşqçi Sənan Qurbanov deyib.
Təcrübəli mütəxəssis Misli Premyer Liqasının XXVIII turunda bu gün keçiriləcək "Kəpəz" - "Səbail" oyunu ilə bağlı danışarkən, gəncəlilərin qış fasiləsində Bayılda uduzmasından sonra revanş məsələsinə toxunub: "Kəpəz"in Bakıdakı məğlubiyyətin revanşını alıb-almayacağını oyun göstərəcək. Çünki tərəflərin Bakıdakı son oyununda gəncəlilər üstün tərəf idi. "Səbail" isə əlinə düşən imkandan istifadə etmişdi. Bu komanda hazırda olduğu son pillədən qurtulmağa çalışacaq. "Kəpəz" isə xal ehtiyatını artırmaq istəyir. Qarşıdakı oyunlarda da xal yığmaq bu komandalara əlavə motivasiya verəcək. Gərgin oyun olacaq".
Qeyd edək ki, "Kəpəz" - "Səbail" oyunu saat 15:30-da start götürəcək.
KAMAL RZA