"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampfın başının üstünü bürüyən "qara buludlar" tək nəticələrə görə yox, həm də sərgilənən xaotik futbolla əlaqədardı. Elə bu səbəbdəndir ki, rumıniyalı çalışdırıcının növbəti mövsümün sonunadək nəzərdə tutulan müqaviləsinə 2002-2023 çempionatı başa çatan kimi xitam veriləcəyinə dair məlumatlar dolaşır.
Klub rəhbərliyi bu mövzuda qəti açıqlama verməməklə ən azından tərəddüd içində olduğunu nümayiş etdirir. Hətta Azərbaycan Kubokunu qazanacağı təqdirdə belə 48 yaşlı mütəxəssislə yolların ayrılacağı istisna olunmur. Bəs Rege yola salınacağı təqdirdə "ağ-qaralar" kimə həvalə ediləcək?
Maraqlıdır ki, bu dəfə baş məşqçi təyinatı yubadılmayacaq. Özü də həmin mütəxəssis əcnəbi deyil.
Sport24.az-ın əldə etdiyi məlumata görə, "Neftçi"nin yeni baş məşqçisi postuna əsas namizəd hazırda "Qəbələ"nin "sükanı arxası"nda dayanmış Elmar Baxşıyevdi.
İstedadlı mütəxəssis 2020-ci ilin yayından "qırmızı-qaralar"da əsas söz sahibidir. Baxşıyevə adaptasiya olunmaq da çətin olmamalıdı. Axı, "Neftçi"nin idman direktoru Zaur Əzizovla uzun illər "Qəbələ"də çiyin-çiyinə çalışıblar.
Əlavə edək ki, 43 yaşlı mütəxəssis 2008-11 illərdə "Neftçi"nin şərəfini qoruyub və bu müddət ərzində 53 matçda 3 qola imza atıb.