"Qalatasaray"la 33 il əvvəl İstanbulda "Ali Sami Yen"də görüşmüşdük. Böyük ajiotaj vardı onda. Hərçənd, onların bir neçə aparıcı futbolçusu oynamırdı". Bu fikirləri Sport24.az-a açıqlamasında "Neftçi"nin sabiq futbolçusu Vladislav Qədirov söyləyib.
Məlumdu ki, bu gün "Qarabağ"la Bakıda görüşəcək "Qalatasaray"la ilk matçımız hələ SSRİ dövründə - 1990-ci ilin yanvarında olub. Onda 2:2 hesabıyla yoldaşlıq görüşündə qollarımızdan birini məhz Qədirov vurub. O. bunu belə xatırlayır: "İndiyədək yadımdadı, uzaqdan qapını dəqiq nişan aldım. Baxımlı qol alınmışdı, sol ayaqla topu uzaq "doqquzluğ"a göndərmişdim. Hesabda 2:1 irəlidə idik və türklər sonda penaltidən bərabərlik qolunu vurdular. Hətta mübahisə də düşdü ki, vaxtdan çox oynadıq, matç tez bitməli idi".
Həmsöhbətimiz həmin vaxt "Qalatasaray"ın ona "elçi düşməsindən" də söz açıb: "Oyunda sonra "Qalatasaray" rəhbərliyi mənimlə əlaqəyə girdi. Ordan SSRİ olimpiya yığmasına yollanırdım, Tailanda uçurduq. Bu üzdən "Neftçi"ylə geri qayıtmadım, İstanbuldan Moskvaya üz tutdum. "Qalatasaray" rəhbərliyi - prezidenti və vitse-prezidenti qaldığımız mehmanxanaya gəldilər və mənə dedilər ki, burda qala, gələcəkdə həm klubda, həm də Türkiyə olimpiya yığmasında çıxış edə bilərsən. Bununla bağlı hər şeyi təşkil edərik. Amma o vaxt vəziyyət elə idi ki, hər şey bizdən asılı deyildi. Belə deyək, "dəmir örtük" vardı ki, qarşını alırdı. Buna görə onlara heç bir müsbət cavab vermədim və getdim. Tailanddan qayıdandan sonra, martda isə onlar artıq Bakıya gəldilər. Həmin vaxt klubumuzun prezidenti Aydın İbrahimov idi və onunla "Neftçi"nin bazasında görüşüb söhbətləşmişdilər mənimlə bağlı. Mən də bazada idm və eşitdim ki, deyirlər, gəliblər məni aparsınlar "Qalatasaray"a müqavilə imzalamağa. Amma onda qarşımızda duran vəzifə vardı - SSRİ-nin yüksək liqasına çıxmaq. İndiyədək yadımdadı, Aydın İbrahimov buna görə belə qərara aldı ki, gəlin belə edək, bu məsələni hələ ki təxirə salaq, vəzifəmizi yerinə yetirək, sonra isə futbolçunu sizə göndərərik. Bax, belə oldu taleyi işin, bu cür qərar verildi. Belə də ola bilərdi ki, bəlkə həmin vaxt "Qalatasaray"ın futbolçusu ola bilərdim. Amma təəssüf ki, belə olmadı, Bakıda qaldım".
53 yaşlı Qədirovun fikrincə, belə yoldaşlıq görüşlərinin keçirilməsi çox yaxşıdı: "Hətta deyərdim ki, bunların tez-tez təşkil olunması lazımdı. Hər halda, iki qardaş ölkəyik və çempionatlarının hazırkı liderləri qarşılaşır. Tanınmış, adlı-sanlı klublar görüşür və matçın xeyri olacaq. Burda əsas nəticə deyil, bir-birimizə yaxınlaşırıq, təcrübələrimizi bölüşürük - budu ən vacibi. Əldə olunan gəlir də Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlar üçün göndəriləcək. Bu, yaxşı ideyadı, yaxşı da oyun olacaq. Hər iki komandaya bunu arzulayıram. Azarkeşlərə də futboldan zövq almağı. Hamıya uğurlar!".
MEHMAN SÜLEYMANOV