"2018-ci ilin qışında AFFA nümayəndələri ilə görüşdüm. Həmin vaxt federasiya rəsmilərinin yerli futbolun inkişafı proqramı haqqında danışdıq. Məni gənclər komandasının başında görmək istədiklərini söylədilər. Bu, mənim üçün böyük sınaq idi". Sport24.az xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milisinin baş məşqçisi Milan Obradoviç deyib.
45 yaşlı serbiyalı mütəxəssis Ukrayna mətbuatına yığmanın sükanı arxasına keçdiyi dönəmdən danışıb. "Serbiyanın U-17 və U-19 komandalarına rəhbərlik etmişəm, əsas millidə köməkçi kimi çalışmışam. Özümü sınamaq və yeni səviyyəyə keçməyə nə qədər hazır olduğumu görmək istədim. İndi də deyə bilərəm ki, bu düzgün addım idi. Üç il ərzində 12 futbolçu U-21-dən əsas yığmaya keçid edib. Hər şeydən razıyam. Azərbaycanda işləmək mənim üçün asan və xoşdur".
Qeyd edək ki, futbolçu kimi Ukraynada legioner həyatı yaşamış Obradoviç 2019-cu ildən U-21 yığmamıza rəhbərlik edir.