Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında 2022/23 mövsümünə yekun vurulacaq. Günün ilk oyunu "Bakcell Arena"da "Neftçi" və "Sabah" arasında reallaşacaq. Sport24.az komandaların bu oyunadək sarı vərəqələrlə bağlı statistikasını təqdim edir.
"Neftçi"də mövsümün startından bu yana 24 nəfər ümumilikdə 70 sarı vərəqə alıb. Bu vərəqələrdən ikisi baş məşqçi Laurentsiu Regekampfın, hərəyə biri isə tərcüməçi Vüqar Əliyev və qapıçılar üzrə məşqçi Florin Terenin adındadır. Sarı vərəqə limitini doldurduğu üçün ümumilikdə 6 futbolçu 7 dəfə oyun buraxıb. Eddi İsrafilov 2, Kenni Sayef, Ataa Caber, Voyislav Stankoviç, Fərid Yusifli və Vato Arveladze isə hərəyə bir dəfə cəzalanıb.
"Sabah"da isə vərəqə sayı daha çoxdur. Komandanın 20 üzvü ümumilikdə 83 sarı vərəqə "qazanıb". Bu vərəqələrdən 5-i baş məşqçi Murad Musayevin adına yazılıb. Nəticədə əcnəbi mütəxəssis bir tur buraxmalı olub. Sarı vərəqə limitini dolduraraq oyun buraxan futbolçuların sayı isə 8-dir. Elvin Camaliv, Aleksey İsayev və Amin Seydiyev hərəyə iki dəfə oyun buraxıb. Boyan Letiç, Abdulaye Ba, Ceyhun Nuriyev, Kristian Sebalyos və Anatoli Nuriyev isə hərəyə bir dəfə oyun buraxıblar.
Qeyd: Statistikada mövsüm ərzində komandaları tərk edən futbolçular nəzərə alınmayıb.