"Bu dəqiqə təlim-məşq toplanışıdı, fubolçuların hərəkətliliyi tam istədiyimiz kimi olmasa da, ümumən "Keşlə"ylə ilk hissəni pis keçirmədik. Yaxşı, düşünülmüş hücumlarımız oldu. Amma sonluqda dəqiqlik çatmırdı. İkinci hissədə az oynayanlara, baxışa gələnlərə daha çox baxmaq istəyirdik. Hər hissədə bir qol buraxdıq, bunlar fərdi səhvlərdən oldu. Qapıçılar arxada daha sadə oynaya bilərdi". Bu fikirləri Sport24.az-a açıqlamasında "Səbail"in baş məşqçisi Aftandil Hacıyev söyləyib.
"Dalğa Arena"dakı təlim-məşq toplanışında növbəti yoxlama matçını həmin stadionda "Keşlə"ylə keçirən "dənizçilər" 0:2 hesabıyla yenilib. Hacıyev hesab edir ki, ümumən nəticə önəmli deyildi: "Əsas futbolçuların düzgün yük alması idi ki, istədiyimiz bu şeylər alındı. Taktiki baxımdan da hal-hazırda futbolçular arasında anlaşma istənilən səviyyədə olmasa da, ara-sıra epizodlarla düşündüyünüz şeylər alındı. Qabaqda daha iki yoxlam oyunumuz var - MOİK-lə və həmin "Keşlə"ylə təkrar. Çalışacağıq ki, çatışmayan şeyləri onda aradan qaldıraq".
41 yalı mütəxəssis baxışda olan futbolçular haqda hələ yekun qərar vermədiklərini diqqətimizə çatdırıb: "MOİK-lə yanvarın 21-dəki oyunda da istəyirik baxaq. 4 gənc futbolçudu ki, I Divizionda çıxış edirlər, onları nəzərdən keçiririk. MOİK-lə matçdan sonra yəqin, bir fikir formalaşacaq bizdə. Çünki onlar da I Divizionda olduqlarına görə gec başlayıblar məşqlərə. Buna görə istəyirik bir qədər də vaxt verək onlara ki, məşq edib 21-dəki oyunda sınaqdan çıxsınlar".
Həmin futbolçular arasında biri xüsusilə diqqət çəkir - Hüseynəli Quliyev. Təbii ki, "Sumqayıt"ın 23 yaşlı bu qapıçısının adı heç nə demir. Sadəcə, məsələ ondadı ki, Kamran Ağayevin gözlənilmədən qış fasiləsində karyerasını bitirməsindən sonra "Səbail"ə qapıçı çox lazımdı: "Hüseynəli haqda indi fikir bildirmək çətindi. Bir hissə dayandı. 21-də bir daha baxmaq istəyirik ona. Turan Manafovun gözlənilən gedişindən sonra müdafiənin sol cinahında Cabir Əmirlini də oynadırıq, yoxlanışda olan gəncləri də".
Hacıyev hələ də oynamayan fransalı hücumçusu Nikolas Rayselin son durumu haqda da danışıb: "Qış fasiləsinə az qalmış zədələnən Raysel yeni sağalıb. Amma hələ ki risk eləmədik 1-2 oyunda onu oynatmağı. Çünki Nikolas "korona"dan sonra bir qədər də zəifləyib. Buna görə istəmirik ki, indiki zəif durumunda hansısa bir matçda zədə alsın. Onu yavaş-yavaş tonusa qaldırmaq istəyirk. İndiki məqamda gözləməliyik, vaxt lazımdı ki, özünə gəlsin. Gənc yarımmüdafiəçimiz Elmir Tağlıyev əməliyyatdan sonra yavaş-yavaş məşqlərə başlayıb. "Keşlə"ylə qarşı da onu 15 dəqiqə meydana buraxdım".
Raysellə birgə "Qəbələ"dən keçən yay "Səbail"ə gələn albaniyalı müdafiəçi Yurgen Qoxanın məsələsində isə artıq son nöqtə qoyulub. Hacıyevi dinləyək: "Qoxa məsələsi bağlanıb. Vətənindən təklifi olsa, ailə məsələlərinə görə ora qayıtmaq istəsə də, komandamızda qalır ən azı yayadək. Çünki həmin vaxtadək bizimlə müqaviləsi var".
Xatırladaq ki, 29 yaşlı Qoxa Albaniyanın "Teuta" klubundan təklifi olaraq hətta danışıqlar da aparılmışdı.
MEHMAN SÜLEYMANOV