"Yəqin ki, növbəti həftə "Neftçi"ylə görüşəcəyik. Bundan sonra gələcək karyeramla bağlı yekun qərarımı verəcəm. Çünki başqa variantlar olduğu halda belə, onlara məxsusam. Özləri ilə məsləhətləşməmiş, fikirləşməmiş qərar verə bilmərəm". Bu fikirləri Sport24.az-a açıqlamasında "Neftçi"nin qapıçısı Rəşad Əzizli deyib.
Qış fasiləsində "Zirə"dən "ağ-qaralar"a keçən, dərhal da "Səbail"ə icarəyə verilərək oyun praktikası qazanan, özünü yaxşı tərəfdən göstərən və bununla da millimizin hazırkı təlim-məşq toplanışına çağırılan 28 yaşlı qolkiper gələcək taleyini müəyyənləşdirir. Rəşadın sözlərinə görə, Azərbaycanda təklifləri yetərincədi: "Həm ölkə daxilində 3-4 real təklif var, həm də xaricdən. İnşallah, 7-10 günə hər şey bilinəcək. İnanmıram ki, ondan gec qala. Hardasa iyunun əvvəlində müəyyənləşəcək ki, hara gedəcəm, necə olacaq. Amma ən birinci gərək "Neftçi" ilə məsləhətləşim, danışım, yenidən onlarla görüşüm, sonra bir qərar verim".
"Səbail"də qalmayacağı indidən demək olar dəqiqləşən Əzizli karyerasında ilk dəfə legioner həyatı yaşamaq perspektivini belə dəyərləndirib: "Xarici təkliflər içərisində Türkiyə variantını daha real görürəm. Yenə də danışmalıyam menecerlərlə, amma özüm də fikirləşirəm ki, bu ölkədə oynamağım daha realdı. Saytınıza əvvəlki açıqlamamda bildirdiyim Yaponiya variantı yenə gündəmdə var. Onlarla da danışmalıyıq təzədən. İstəmirəm qərarı tez verim, çünki vaxta var hələ xeyli. Birinci "Neftçi" məsələmi aydınlaşdırmalıyam. Çünki ən çox istəyirəm həm də klubumda qalım, bunu daha çox fikirləşirəm. "Neftçi"də oynamaq istəyirəm. Amma yenə qərarımda tələsmirəm hər şeydən əvvəl. Görüm hansı variant mənə daha yaxşı olar. Bunu dərindən fikirləşməliyəm ki, sonra qərar verim".
Xatırladaq ki, Rəşad 2017/18 mövsümündə "Neftçi"də çıxış edib.
MEHMAN SÜLEYMANOV