Biz adətən futbolçularımızın ölkə xaricinə yollanaraq legioner həyatı yaşamasına öyrəşmişik. Bu dəfəki qəhrəmanımız isə bir qədər fərqli statusa malikdi. Söhbət Sumqayıtda dünyaya göz açan, hazırda Çexiyada hakimlik edən Elman Əlioğludan gedir. 35 yaşlı referi Sport24.az-a müsahibəsində Çexiyadakı işindən, hakimlik həyatından danışdı.
- Öncə ondan başlayaq ki, necə oldu Çexiyada hakimlik etməli oldun?
- 2018-ci ci ildən Çexiyaya köçmüşəm və bir neçə ay sonra həvəskarlar liqasında oynamağa və uşaq qruplarında məşqçiliyə başladım. Həm ölkə futbolunu, həm də dili, mədəniyyəti öyrənmək, cəmiyyətə qaynayıb qarışmaq üçün əla şans idi. Və mən də bu fürsəti əldən vermədim. Sonra pandemiya başladı və her şeyə ara verildi. Fasilədən sonra bir sezonda oynayıb, federasiyanın saytındakı (Fačr cz ) hakimlik elanını görüb müraciət etdim. Əvvəlcə düşündüm ki, müracitətimə ən azı iki il cavab yazan olmaz. Amma iki gün sonra telefona zəng gəldi və görüşə dəvət etdilər. Bundan sonra məni fiziki və nəzəri imtahana çağırdılar, qiyabi çex dilimi də yoxladılar. Futbolçu keçmişim ilə 6 aylıq sınaq üçün qəbul aldım. Əvvəl laysman, ardınca aşağı yaş qruplarında baş hakim, sonradan tabe olduğum Nymburk (okres) bölgəsinin 3-cü liqasında hakimlik etdim. Bu ilin yanvarında nəzəriyyədən təkrar test verdikdən sonra nymburk 2-ci liqasının oyunlarını verdilər.
- Bundan sonrakı hədəfin? Daha yüksək liqalara yüksəlmək şansın var?
- Burda işlər çox fərqlidir. Çexiyanın 14 zonası (kray) var. Hər krayın özünün də 10-la bölgəsi (okres). Hər okresin ən azından 2-3 liqası. Mənim builki hədəfim qışda testlerdən daha yaxşı nəticə göstərib bölgənin ən üst səviyyasinə çıxmaq və bir iki il sonra Stredočesky kraj (14 əyalətdən biri) hakimi olmaqdır. Gördüyünüz kimi burda işlər o qədər də tez və asan başa gəlmir. Çox gözəl sistem qurulub. Çexiya Premyer Liqası, 2-3-cü liqanın hakimləri 15-16 yaşından bu məktəbi keçirlər. Və mənim yaşıma (35yaşa) çatdıqda artıq 15-20 il təlim, təcrübələri olur.
- Bir azərbaycanlının hakim kimi meydana çıxmasını çexlər necə, qarşılayır?
- Son dərəcə pozitiv və hörmətlə. Ləhcəmin olması səbəbindən, bəzi qəliz futbol qaydalarını hələki ürəyim istədiyi qədər izah edə bilmirəm. Komunikasiya, problem həlli metodları, şən hazırcavablıqla onları razı sala bilsəm də, hələ kifayət qədər öyrənəcək dərsim var. Ən azından ingilis dili qədər sərbəst şəkildə çexcə danışmaqdır hədəfim. Sağ olsunlar hakim koleqalar və futbolcular mənimlə dil tapmağa çalısır və dəstəkləyir.
- Sirr deyilsə, idarə etdiyin oyunlara görə nə qədər qonorar alırsan?
- Əsla sirr deyil. Avropada maaşlar rəsmi şəkildə açıq yazılır. Uşaq ya böyük, alt və ya üst səviyyə, yan və ya baş hakim olmağından asılı olaraq hakimlik maaşı bir oyun üçün 200-600 kron arası olur (16-48 Azn) + yol xerci. Hər kilometr yol üçün 5 kron (40 qepik). Aylıq ən az 300-400 manata yaxın fakturamız olur.
- İdarə etdiyin oyunlarda Çexiyada yaşayan azərbaycanlıların övladları ilə rastlaşmışam?
- Bəli. Türk- Azəri qrupu ispan-portuqal uşaqların komandası ilə qarşılaşırdı. Bir cərimə qərarına etiraz olaraq bir futbolçu yanıma gəldi və qafqaz temperamenti ilə qoluma toxunub zədəli hissəsini göstərdi. Ona sarı vərəqə göstərib xəbərdarlıq etdim ki, avropada hakimə toxunmaq qadağandır. Təşkilatçı portuqala dedim ki, onlara deyin mənim ana dilimdə xoş olmayam kəlimələr işlətməsinlər. Fasilədən sonra ilk 50-nin 50-yə epizoda görə təhqiramiz sözlərlə etiraz etdiyi üçün onu oyunda kənarlaşdırdım. Dostları da onunla bərabər oyundan çıxdı və stadionu tərk etdilər. Təəssüf, yaxşı oyuncular idi.
- Azərbaycandan təklif gəlsə, bura qayıtmaq istəyərsən?
- Düzünü desəm belə bir şey mümkün olsa , fürsətdən istifadə edib, Azərbaycan adından FİFA kateqoriyasını almaq istərdim. Ən azından Avropa təcrübəsi yeni bir nəzər nöqtəsi bəxş edir və o fərqlə məsələlərə yanaşmağa çalışırsan. Bu oyunçulara da xoş gələn bir xüsusiyyətdir. Bunu Çexiyada görürəm.
RƏŞAD QASIMOV